Əsas Məsələ| Rusiya və Türkiyə güclərini birləşdirəcək?

2024/09/erdog-1727080068.jpg
Oxunub: 1768     13:19     23 Sentyabr 2024    
Rusiyanın Ankaradakı səfirliyinin müşaviri Sotniçenko Türkiyənin “Aydinlik” qəzetinə müsahibəsində bildirib ki, Rusiya və Türkiyə “xanlıq olaraq iki yüz il Monqol İmperiyasının tərkibində olublar, eyni sivilizasiyaya mənsubdurlar”.

O, “Rusiya və Osmanlı İmperiyasının dünya tarixində misli görünməmiş tarixi qonşuluğunu” xatırladıb. Yeni dövrə gəlincə, Sotnikov Mustafa Kamalla Leninin əməkdaşlığından danışıb və bunu “beynəlxalq imperializmə qarşı birgə mübarizə” kimi təqdim edib. Sotnikov deyib ki, Rusiya Türkiyəni NATO-dan fərqli olaraq bütün ölkələrin qərarlara təsir etmək hüququna malik olduğu BRİKS təşkilatına dəvət edib.

Onun qiymətləndirməsinə görə, NATO-da hər şeyi ABŞ həll edir, başqaları öz iradəsini yerinə yetirir. Rusiya səfirliyinin müşaviri təəccübünü bildirib ki, Türkiyə Ukraynanı dəstəkləyir, halbuki “bu, əli fələstinlilərin qanına bulanmış bir ölkədir, Türkiyə və Rusiya isə Fələstinin müdafiəçisidir”.

Sotnikov Rusiya-Türkiyə əməkdaşlığına misal olaraq deyib: “Biz Suriyada bir yerdəyik, Azərbaycanda bir yerdəyik, imperializmlə mübarizədə birlikdə olmalıyıq, çünki biz suveren olmaq istəyirik”. “1920-ci ildə biz Britaniya, Fransa, ABŞ ilə birlikdə vuruşmuşuq, bizim ümumi düşmənimiz var”, - deyə rus diplomat sözlərini yekunlaşdırıb.

Artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkadır və orada əvvəlcə ABŞ-nin işgüzar dairələrinin nümayəndələri ilə görüşəcək, daha sonra Türkiyə-ABŞ İqtisadi Əməkdaşlıq Konfransında iştirak edəcək. Rusiyalı diplomatın müsahibəsi indiki mərhələdə Moskva-Ankara münasibətlərinin əsas məqamından xəbər verir. Məsələ Türkiyənin sivilizasiya seçimidir.

Lakin Sotnikovun müşahidələri onu da ortaya qoyur ki, Ərdoğanın siyasətinin mənbəyi həm də Rusiyanın dəstəyidir. Lakin bu gün elə bir vəziyyət yaranıb ki, tərəflərdən hansının digərinə daha çox ehtiyacı olduğu bəlli deyil. Bu baxımdan dəyərləndirəndə, belə bir təəssürat yaranır ki, Moskva Ankaradan dəstək istəyir. Atatürk-Lenin əməkdaşlığının xatırladılması sanki Türkiyənin “sönməmiş bir bağa malik olduğuna” işarədir.

Bəs Ərdoğan Kamal-Lenin razılaşmaları çərçivəsində qalmağı qəbul edirmi? Bu bugünkü Türkiyənin maraqlarına nə dərəcədə uyğundur? Rusiya-Ukrayna müharibəsinin birinci mərhələsində bildirilirdi ki, Moskva və Ankara XXI əsrin çağırışlarına bərabər olan yeni geosiyasi əhəmiyyətə malik sazişin imzalanması imkanını müzakirə edirlər.

Son iki ildə bu istiqamətdə heç bir gözəçarpan proses olmayıb. Rusiyanın Ankaradakı səfirliyinin müşavirinin açıqlamalarından belə çıxır ki, Moskvanın Türkiyəyə təklifləri var. Əgər Türkiyənin birmənalı olaraq Avrasiya seçimi etməsi üçün ilkin şərt irəli sürülürsə, bunlar nə ilə bağlıdır? Bəli, Rusiya və Türkiyə birlikdə güclü olacaq, məsələ odur ki, onlar birlikdə olacaqlarmı?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Türkiyə  


Bizi "telegram"da izləyin